Xəbər Lenti
Atəşkəs 24 dəfə pozuldu
11-11-2019, 10:55

Atəşkəs 24 dəfə pozuldu

TƏBRİK EDİRİK!!!
11-11-2019, 09:09

TƏBRİK EDİRİK!!!

09 noy 15:11Gündəm / Sosial

ƏDALƏTƏ SÖYKƏNƏN VƏTƏNDAŞLIQ BORCU

Onunla ilk dəfə redaksiyada görüşdüm. İşlədiyi sahənin fəaliyyətinə dair bir yazı gətirmişdi. Üz-gözündə səmimiyyət, danışığında, davranışında bir mədəniyyət, alicənablıq duydum. Bilmirəm, hansı sövq-təbii hisslə onu yaxından tanımaq, işinə, fəaliyyətinə, bir sözlə, həyat yolunu öyrənməyə marağım yarandı. Bəlkə də buna səbəb görkəmində duyduğum ali keyfiyyətlərlə yanaşı, gözlərində qərar tutmuş acı bir kədər idi. Niyə, nədən yaranmışdı bu kədər? Axı biz insanıq, bir-birimizə də həssaslığımız, diqqətimiz olmalıdır! Onda da ola, üz-üzə, göz-gözə dayanıb söhbət edəsən. Gördüklərin səndə bir narahatlıq yaratmazmı? Hiss etdim ki, o özü də həmsöhbət olmağa, fikirlərini qarşısındakı ilə bölüşməyə maraqlıdır. Bu marağın tez bir zamanda yaranması da mənə təbii təsir bağışladı. Bir insan kimi, onu anlayacaq adamla bölüşməyə sanki məqam gəzirdi. Dərdləşdik, danışdıq, onu müəyyən mənada tanıya bildim, həyata, insanlara baxışlarında bir özünəməxsusluq duydum. Amma gözlərinin aynasındakı o kədər... Qəlbi həyat eşqi ilə çağlayan, işinə, əməlinə, çox sevdiyi vətəninə, dilinə, dininə bağlı olan, ürəyi xeyirxahlıq, səmimiyyətlə dolu işgüzar bir insanın həyatda yaşam çabaları onun mərd, dözümlü bir insan olduğunu açıqca göstərirdi. Həssaslığı, iradəli, dözümlü olması ilə diqqətimi cəlb edən bu insan “İşgəncələrə Qarşı Azərbaycan Komitə”sinin sədri Elşad Həmidov idi... 
 Elşad Nəcməddin oğlu Həmidov 1967-ci ildə Bakı şəhərində neftçi ailəsində dünyaya gəlib. Ailədə dörd qızdan sonra oğlan uşağının doğulması Nəcməddin kişi ilə Seyidnisə xanımın sanki kəsik qalmış xoşbəxtliyinə bir bütövlük gətirib. Qohum-əqrəba, dost-tanış onların xoşbəxtliyinə ürəkdən seviniblər. Təbriklər, gözaydınlığı Həmidovlar ailəsində toy-bayram kimi yaşanıb. Bu hiss millətimizə çox doğmadı. Axı biz oğula düşmən çəpəri kimi baxırıq! Oğullar nə qədər çox olsa, vətən də bir o qədər qüdrətli basılmaz olar deyib babalarımız... 
 Uşaqlığını, ilk gənclik illərini Bakıda yaşayan, isti yay mövsümünü Abşeron bağlarında, qumlu dənizin sahillərində, suların qoynunda keçirən Elşadın həmin çağlarda qəlbində qönçə tutmuş arzular doğulurdu. Neft mühəndisi olan atası onu özünün davamçısı görmək istəyirdi. Elşadınsa istəyi tamam başqa sahəyə idi. O, ürəyində təzə-təzə pöhrə tutan istəyini atasıyla bölüşməyə belə imkan tapmadı. 14 yaşı olanda ailənin başçısı Nəcməddin kişi dünyasını dəyişdi. Mir Möhsün ağanın əmisi oğlu Mir Əşrəf ağanın qızı olan Seyidnisə xanım beş uşağı böyüdüb yerbəyer edincə kirpiyilə od götürdü, hər çətinliyə dözüb-dayandı. Şükür ki, evin kişisinin qoyduğu qayda-qanun, dəst-xətt ömür boyu ailənin yolunun üstündə bir mayak oldu. Bu evdə böyük-kiçiyə hörmət, adət-ənənələrimizə bağlılıq da ailədə ata-ananın verdiyi düzgün tərbiyədən irəli gəlmişdi. Nəcməddin kişi istəyirdi ki, övladlarının hamısı ali təhsil alsın. Hərəsi bir sahədə vicdanla çalışsın. Çörəklərini halallıqla qazansınlar. Özü dünyadan cavan getdiyindən əkdiyi ağacların barını görə bilməsə də, uşaqlar onun arzusunu həyata keçirdilər. Müxtəlif ali məktəblərdə təhsil alıb müstəqil həyata atıldılar. İşlədilər, yetişdilər, özləri də ailə, ev-eşik sahibi oldular. Yeniyetməlik köynəyindən təzəcə çıxmış gənc Elşad isə ali təhsil almaq üçün başqa ölkəyə üz tutdu. 1991-ci ildə Plexanov adına Rusiya Dövlət İqtisad Universitetində iqtisadiyyatın analizi ixtisası üzrə təhsilini fərqlənmə diplomu ilə bitirdikdən sonra təyinatla Sankt-Peterburqa göndərildi. Bir müddət dövlət qulluğunda müxtəlif vəzifələrdə çalışdıqdan sonra ixtisasını dəyişmək üçün Sank-Peterburq Dövlət Hüquq və Nəqliyyatda Prokurorluq ali məktəbinə göndərilir və oranı da bitirərək uzun illər Rusiya Federasiyasında hüquq-mühafizə orqanlarında rəhbər vəifələrdə çalışır. Elşad müəllim vətəndən kənarda olduğu vaxtlarda da vətənlə sıx bağlı olub. Tez-tez Bakıya gəlib qohum-əqrəba, dost-tanış, bir sözlə, insanlarla isti münasibətlərinin qırılmasına yol verməyib. Uzaqda olduğu vaxtlarda da anası Seyidnisə xanıma oğul qayğısını, nəvazişini əsirgəməyib. Ana məhəbbətinin istisi daim qəlbini alovlandırıb. Axı necə də olmasın! Anaya, vətənə məhəbbəti oğullarımız hər zaman özlərinin ən ümdə borcu hesab edirlər. Elşad Həmidov da belə oğullardandır. Sonradan anasının xəstəliyi Elşad müəllimi vətəndən kənarda qurduğu karyeradan ayırıb, doğma Bakısına qaytarır. 2005-ci ildə isə onu “İşgəncələrə Qarşı Azərbaycan Komitə”sində işləməyə dəvət ediblər.
 Xatırladaq ki, İnsan Hüquq və Azadlıqlarının həyata keçirilməsinə nəzarət edən Qeyri-Hökumət Təşkilatı olan “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi” (İQAK) 2002-ci ildə tanınmış alimlər, hüquqşünaslar tərəfindən təsis olunmuşdur. 2005-ci ildən isə rəsmən dövlət qeydiyyatına alınmışdır. Onun ilk sədri isə mərhum Elçin Behbudov (2002-2015) olmuşdur. Komitənin strukturu, iş prinsipi, fəaliyyət dairəsi ilə bağlı bir çox məsələlərlə elə ilk gündən yaxından tanış olan Elşad Həmidov məşğul olduğu sahədə hadisələrin düzgün qiymətləndirilməsində prinsipiallıq göstərməyə çalışmışdır. O, həmişə belə düşünmüşdür ki, hansı vəzifədə olursan-ol, vətəndaşlara münasibətində humanizmi, xeyirxahlığı unutmamalı, ən başlıcası da insanları duymağı bacarmalısan. Bütün bunları əməli fəaliyyətində göstərən E.Həmidov komitənin keçmiş sədrinin vəfatından sonra 23 dekabr 2015-ci il tarixindən “İşgəncələrə Qarşı Azərbaycan Komitə”sinin ümumi yığıncağında idarə heyətinin və üzvlərinin səs çoxluğu ilə Komitənin yeni sədri seçilmişdir. Vətənə, dövlətə və xalqına sədaqətlə xidmət etmək, insanların problemlərinin həllinə çalışmaq, namuslu vətəndaş olmaq sənətindən, tutduğu mövqeyindən asılı olmayaraq hər bir insanın vətəndaşlıq borcudur. Bu borc hissini hər zaman dərk edən E.Həmidov ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı yeni Azərbaycanda dövlətçiliyimizin möhkəmlənməsi, insan hüquqlarının qorunması və inkişafına öz töhfəsini verməyə çalışmışdır. 
 Komitəyə sədr seçildiyi ilk günlərdən E.Həmidov sahənin fəaliyyətində bir canlanma yaratmağa nail olmuşdur. Komitədə kadr dəyişikliyi aparmış, savadlı, yeni düşüncəli hüquqşünasları işə dəvət etmişdir. Sədr keçmiş üzvlərin bəzilərini də öz vəzifələrinə bərpa etməklə komitə daxilində sağlam mühitin yaradılmasına nail olmuşdur. Belə ki, struktur dəyişikliyi - Komitənin tərkibinə yeni üzvlərin təyin olunması, sədr müavinlərinin, bölgə və qrup rəhbərlərinin, baş ekspert, ekspert, müşahidəçilər və digər vəzifələrə təyinatların olması idarədə yeni bir ab-havanın yaranmasına, işlərin düzgün, səmərəli qurulmasına və öz axarı ilə getməsinə yol açdı. İllərlə yığılıb qalmış problemlər öz həllini tapdı. Bütün bunlara nümunə olaraq Komitənin təkcə son aylardakı fəaliyyətinə qısaca nəzər salanda görülən işlərin panoramı göz önündə canlanır.
 Ötən ilin sonlarında Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Çingiz Qurbanovun nəşinin ermənilərin əlinə keçməsi xalqımızda böyük narahatçılıq yaratmışdı. Ermənistan tərəfi beynəlxalq normativ aktlara heç bir məhəl qoymadan əsgərimizin cəsədini vermək istəmirdi. Əsgər Çingiz Qurbanovun cəsədinin Azərbaycana təhvil verilməsi ilə bağlı “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi”nin sədri Elşad Həmidov respublikamızda fəaliyyət göstərən Beynəlxalq Qızıl Xaç Komitəsinin sədri xanım Elena Aymone Sessera ilə görüşmüş, bu məsələ ətrafında geniş fikir mübadiləsi aparmışdır. Ç.Qurbanovun nəşi Azərbaycan tərəfinə qaytarıldıqdan sonra igid əsgərimizlə keçirilmiş vida mərasimində müdafiə naziri Zakir Həsənov, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev, İQAK-in sədri Elşad Həmidov və komitənin digər üzvləri də iştirak etmişdir. Mərasimdən sonra şəhid doğulduğu Qusar rayonunda Şəhidlər Xiyabanında son mənzilə yola salınmışdır...
 İnsan həyatda bir çox çətin və mürəkkəb hadisələrlə qarşılaşır. Burda ən mühüm məqam da ondan ibarətdir ki, gözlənilmədən qarşına çıxmış hadisələri anlamaqda, ona həssaslıqla yanaşmaqda, baş verənləri düzgün qiymətləndirməkdə səbirli və məsuliyyətli olmalısan. Bütün bunlar Komitənin sədri Elşad Həmidovun fəaliyyət prinsipində həmişə gözlənilmişdir. 
 E.Həmidov vaxtaşırı cəzaçəkmə müəssisələrində olur, vətəndaşlarla söhbətlər aparır, onların vəziyyəti ilə maraqlanır. Yanvar ayının 27-də Avropa Şurasının respublikamızdakı baş ofisinin təşkilatçılığı ilə “Hilton” otelində keçirilmiş “Penitensiar islahatlara əlavə dəstək, həbsxanaların idarə edilməsi, məhkumların reabilitasiya məsələlərinin qiymətləndirilməsi mövzusunda keçirilən beynəlxalq tədbirdə Avropadan dəvət olunmuş ekspertlər, İrlandiya həbsxanasının keçmiş rəhbəri Cohn Mr Guckin və xanım Gatherine Creamer, İQAK-ın sədri E.Həmidov, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin rəis müavini Əlixan Hüseynov da iştirak etmişdir. Bundan bir neçə gün sonra (20 yanvar) “İşgəncələrə Qarşı Azərbaycan Komitə”sinin sədri E.Həmidov “Mariot” otelində Avropa Şurasının Bakı ofisinin Penitensiar xidməti üzrə layihə rəhbəri və Avropa ekspertləri hər iki tərəf üçün səmərəli olan sual-cavab formasında maraqlı bir görüş keçirmişlər. 
 “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi”nə daxil olan şikayət və ərizələr Elşad Həmidov tərəfindən şəxsən araşdırılır və mövcud olan problemin həlli istiqamətində müvafiq addımlar atılır. Elşad müəllim çalışır ki, vətəndaşların üzləşdiyi hər hansı problem, hüquq pozuntusu dərhal, yerindəcə araşdırılsın və qısa bir zamanda öz həllini tapsın. O, tutduğu vəzifəsində belə bir fikri, prinsipi əsas götürərək deyir: “Biz çalışmalıyıq ki, hüquqları pozulan hər bir vətəndaşın məsələsi respublikamızın mövcud qanunvericiliyinə uyğun şəkildə nizamlansın”. Bunun üçün də həyata keçirdikləri bütün tədbirlərin, vəzifələrin icrasında həqiqəti, prinsipiallığı başlıca amil hesab edirlər. Komitənin sədri mütəmadi olaraq Cəzaçəkmə Müəssisələrində olur, təqsirləndirilən şəxslərlə söhbətlər aparır, onların saxlanması şəraitilə yaxından tanış olur. 
 Fevralın 8-də E.Həmidov Dövlət Təhlükəsizlik Xidmətində monitorinq keçirmiş, burada saxlanılmış təqsirləndirilən şəxslərin qaldıqları şəraitlə, onlara verilən qidaların keyfiyyəti, dərman və tibbi ləvazimatların, təchizat anbarının, idman zalının, mətbəxin vəziyyəti ilə yaxından tanış olmuş, burda müşahidə etdiyi şəraitin normal olduğunu ictimaiyyətin diqqətinə çatdırmışdır. Növbəti gündə isə E.Həmidov Ağır Cinayətlər Məhkəməsinin müvəqqəti saxlanma yerində monitorinq keçirmişdir. Monitorinq zamanı aşkar edilmişdir ki, burada su daimidir, havalanma qaydasındadır, təqsirləndirilən şəxslər dərmanlar, tibbi ləvazimatlarla təchiz olduğundan onlar yaradılmış şəraitdən razıdırlar. “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi” mart ayında da belə monitorinqləri ölkənin şimal bölgəsində - Quba, Qusar, Xaçmaz rayon polis şöbələrində də keçirmiş, bu rayonlarda olan saxlanma yerlərinin şəraiti ilə yaxından tanış olmuşdur. Elşad Həmidov mart ayında öz fəaliyyətlərini daha da yaxşılaşdırmaqdan ötrü “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi”nin geniş tərkibli konfransını keçirmişdir. Konfransda Komitə daxilində bəzi departamentlər yaratmaq barəsində sədrin təklifləri dinlənilmiş, komitə üzvlərinə tapşırıqlar verilmişdir.
 Bir azərbaycanlı olaraq vətəndaşlıq, milli təəssübkeşlik duyğuları ilə yaşayan E.Həmidov hər il Azərbaycanın üzləşdiyi faciələr - 20 Yanvar, Xocalı soyqırımı, 31 Mart soyqırımının ildönümlərində rəhbərlik etdiyi Komitənin üzvləri ilə birlikdə Şəhidlər xiyabanını, “Ana harayı” abidəsini ziyarət edir, təzə-tər güllərlə şəhidlərin xatirəsini anırlar. 
 Yenicə yola saldığımız aprel ayında da “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi”nin fəaliyyətində ədalət, humanizm, prinsipiallıqla müşayiət olunan xidməti işgüzarlıq Komitəyə uğurlar qazandırmışdır. Vaxtaşırı keçirilən monitorinqlər müzakirə olunur, nəticələr ictimaiyyətə açıqlanır. Ayın birinci ongünlüyündə E.Həmidovun Dövlət Təhlükəsizlik Xidmətinin təcridxanasında keçirdiyi monitorinq buna bariz nümunədir. Həmin gün sədr təcridxananın tibb otağına baxış keçirərək bütün şəraitlə tanış olmuşdur. Burada hər növ dərman və tibbi avadanlıqların, ən müasir tibbi ləvazimatların olduğu qeyd edilmişdir. Təqsirləndirilən şəxslərlə olan görüş və söhbətlərdən də məlum olmuşdur ki, onlar yaradılmış şəraitdən razıdırlar. 
 Elşad Həmidovla söhbətimizdən aydın oldu ki, təkcə 2017-ci ilin yanvarından başlayaraq bu günə qədər Komitəyə 100-ə yaxın müraciət daxil olmuşdur ki, bunların da əksəriyyəti özünün müsbət həllini tapmışdır. Bu ərizə və müraciətlərlə sədr özü tanış olur, nəzarəti altına alaraq müvafiq tapşırıqlarını verir. Bu da diqqətəlayiqdir ki, yaxın vaxtlarda Astara, Masallı, Bərdə rayonlarından Komitənin sədrinə ünvanlanmış ərizə və müraciətləri diqqətlə nəzərdən keçirən E.Həmidov qısa bir vaxtda qaldırılan məsələlərin müsbət həllinə nail olmuşdur.
 Yazının əvvəlində qəhrəmanımın baxışlarından sezdiyim kədərə söhbət əsnasında özü aydınlıq gətirdi. Demə, 2014-cü ildə tale Elşad müəllimi sınağa çəkib. Ağır əməliyyat keçirib. Yaşamağa ümidi olmayan, ölümlə həyat arasında çarpışan bu insan 9 saat çəkən əməliyyatdan sonra, sanki yenidən dünyaya gəlir. İnanır ki, ailəsinə, iki qız balasına dönüşündə mənsub olduğu müqəddəs ocağın şəfası, Mir Möhsün Ağanın cəddi ona kömək olmuşdu... 
 Elşad müəllim həyatda qarşısına çıxan bütün işlərdə hər zaman məsuliyyətlə, böyük işgüzarlıqla çalışan, insani münasibətləri qiymətləndirməyi bacaran adamdır. Odur ki, Tanrının ona verdiyi fürsətdən yararlanaraq icra etdiyi vəzifənin öhdəsindən ləyaqətlə gəlməyə çalışır. Səlahiyyət və imkanlarından istifadə edərkən düzlüyə, ədalətə söykənərək özünün vətəndaşlıq borcunu yerinə yetirir. Azərbaycanın haqq işinə, dövlətçiliyimizin qorunmasına və möhkəmlənməsinə, inkişafına öz töhfəsini verməyə çalışır. Zənnimizcə, hər bir insanın dövlətinə, xalqına vətəndaşlıq borcu da məhz bundan ibarətdir.


Şəfəq NASİR,
“Respublika”. 

14 May 2017